Andrzej Maicejczyk, Tech Controllers şirkətinin Satış Meneceri (Polşa)
Biz “Aquatherm Baku” sərgisində məişət elektronikası üçün mikroprosessor cihazlarının istehsalı ilə məşğul olan Polşanın “Tech Controllers” şirkətini təmsil edirik. Şirkətimiz Polşa bazarında 1-ci yerin sahibi hesab edilir. Biz Polşanın bərk yanacaqlı qazanlar üçün idarəetmə cihazları istehsal edən ən böyük müəssisəsiyik.
650 nəfəri bir araya gətirən “Tech Controllers” şirkəti Şərqi və Qərbi Avropada fəaliyyət göstərir. Onların yüzdən çoxu proqramçıdır. Biz "ağıllı" evlər üçün, xüsusən də bərk yanacaqla və qazla işləyən qazanlar, radiatorlar və yeraltı isitmə sistemlərinin idarə olunması üçün elektron cihazlar istehsal edirik.
Sərgidə ən etibarlı məhsulların təqdimatı təşkil olunub. Qeyd etmək istəyirəm ki, onların bəzilərinin analoqu yoxdur! Cihazlarımız yüksək keyfiyyətə və etibarlılığa malikdir ki, bu da çoxillik təcrübə ilə təsdiqlənir.
Biz Azərbaycan şirkətləri ilə sıx əməkdaşlıq edəcəyimizə ümid edirik. Artıq bir neçə yerli firma bizimlə danışıqlar aparıb və əməkdaşlıq təklif edib. Heyətimiz ilk dəfədir ki, Azərbaycandadır. Bakı şəhərini çox bəyəndik. Yerli əhali ilə ünsiyyət qura bildik, insanlarla tanış ola bildik və onların xoş niyyətli olduğunu gördük. Ona görə də biz əminik ki, məhsullarımızın təqdimatı və Azərbaycanla əməkdaşlığımız səmərəli olacaq.