Altay Rüstəmov, Green Life Engineering şirkətinin baş mühəndisi
Green Life Engineering MMC-nin fəaliyyəti evlərin işıqlandırılması və qızdırılması üçün alternativ enerji mənbələrindən istifadə ilə bağlıdır. Biz istehlakçılara istilik panellərinin quraşdırılmasını təklif edirik, enerjiyə qənaət edən səmərəli evlər işləyib hazırlayırıq. Artıq iyirmidən çox istilik kilidləri ilə təchiz olunmuş qazanxana montaj etmişik. Azərbaycanda fəaliyyətimizin digər istiqaməti üzrə Dövlət Məşğulluq Agentliyi ilə bağlıdır - külək və günəş enerjisi tədqiqatları üzrə analitik kurslar təşkil olunması. Bundan əlavə, biz məşğulluq agentliyi ilə bərabər işçilərin təlimi prosesində iştirak edirik. “Aquatherm Baku” sərgisində iştirak yerli bazarı izləmək və öyrənmək zərurəti ilə bağlıdır. Biz dövlət qarşısında, Azərbaycan xalqı qarşısında borcumuzu dərk edərək Qarabağın bərpasına töhfə vermək istəyirik. Almaniyada təhsilim və peşəkar təcrübəm mənə yaşayış evlərinin kütləvi şəkildə qızdırılması ilə bağlı xidmətlərimi təklif etməyə imkan verir. Məsələn, biz stendimizdə ev istilik sistemini və istilik nasosunu nümayiş etdiririk, bütün bu sistemin damında günəş panelləri yerləşdirmişik. Ziyarətçilər bu sistemin nümunəsini maraqla öyrənirlər.