Müşfiq Məbudov, “Egeplast Turkey” şirkətinin ixrac üzrə direktoru
–“Egeplast” şirkəti “BakuBuild” sərgisinin daimi iştirakçılarından biridir. Bizim şirkət aparıcı dünya istehsalçılarının avadanlıqlarından istifadə etməklə yalnız yüksək keyfiyyətli xammaldan hazırlanan polipropilen boruların istehsalı sahəsində ixtisaslaşıb. Bunun sayəsində bizim məhsullar öz keyfiyyətinə görə əksər rəqiblərindən fərqlənir.
Bizim stenddə “Egeplast” şirkətinin ən yaxşı məhsul nümunələri – içməli su təchizatı, yaşayış komplekslərində daxili və xarici kanalizasiya sistemləri, istilik sistemi, təbii qaz və s. üçün boru və aksessuarlar təqdim edilir. Ümumilikdə, şirkətin məhsul çeşidinə 6500 adda müxtəlif məhsul daxildir. Yüksək keyfiyyət axtaranlar məhz “Egeplast” şirkətinin borularını seçirlər.
Şirkət Azərbaycanda üç istiqamətdə fəaliyyət göstərir – biz meliorasiya sahəsində kənd təsərrüfatı nazirliyi ilə, infrastruktur məsələlər xüsusunda isə ARDNŞ-la, eləcə də inşaat şirkətləri ilə əməkdaşlıq edirik. Azərbaycandakı nəhəng layihələr arasında “Flame Tower” binası, Heydər Əliyev Mərkəzi, “Renessans palace” yaşayış kompleksinin polipropilen borularla təchiz edilməsini qeyd edə bilərəm. Həmçinin Dubaydakı “Atlantis” otelinin tikintisində və Türkmənistandakı beynəlxalq “Türkmənbaşı” limanının modernləşdirilməsində bizim borulardan istifadə edilib.
Bu sərgidə iştirak etməkdə məqsədimiz Azərbaycandakı distribyutorlarımızı dəstəkləmək və peşəkarların “Egeplast” boruları barədə məlumatlılığını artırmaqdır. Biz burada əsasən “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Azərsu” ASC və digər bu kimi dövlət orqanlarının nümayəndələri ilə görüşmək istərdik, belə ki, bizim şirkət və Avropanı təmsil edən digər iştirakçılar üçün bu müəssisələrlə fikir mübadiləsi aparmaq çox vacibdir.