Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji “AquathermBaku 2016” sərgisi öz işinə başladı. Sərgilərin təşkilatçıları qismində Böyük Britaniyanın “ITE Group” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” şirkəti çıxış edirlər.
“AquathermBaku 2016” sərgisinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd etdi ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının möhkəmləndirilməsi istiqamətində prioritet məsələyə çevrilmişdir. Bu artım çərçivəsində yerli müəssisələr rəqabət qabiliyyətli məhsulların buraxılmasını təmin edir. Hazırkı sərgi isə müasir istehsalın inkişafının əyani göstəricisidir.
Fövqəladə Hallar Nazirliyi (FHN) nəzdində İnşaat işlərinin təhlükəsizliyinə nəzarət üzrə Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Azərbaycanın inşaat sənayesində böyük miqyaslı dəyişikliklərin perspektivini vurğuladı.
“ITE Group” şirkətinin icraçı direktoru cənab Edvard Stroon bildirdi ki ,AquathermBaku 2016, BakuBuild və Securika CIPS sərgiləri dünyanın 26 ölkəsindən 298 şirkəti ehtiva edən sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin hər üç pavilyonunu əhatə edib. Sərgidə İtaliya, Almaniya, BƏƏ, İran və Fransa öz milli pavilyonlarını təqdim edirlər. Türkiyə də bu tədbirdə böyük ekspozisiya ilə çıxış edir. Cənab E. Stroon tədbirə toplaşanları Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik etdi və bu layihə ilə fəal əməkdaşlığa görə sərginin sponsorları və tərəfdaşlarına öz minnətdarlığını bildirdi.
“AquathermBaku 2016” sərgisi ventilyasiya, kanalizasiya sistemlərini, hidrantları, boru xətti ləvazimatlarını, kombiləri, istilik sistemlərini, boruları, boru ləvazimatlarını, radiatorları, su qızdırıcı qazanları, nasosları, habelə nasos stansiyalarını, su qızdırıcı cihazları, polietilendən, polipropilenin törəmə polimerindən və PVX-dən düzəldilən borular üçün qaynaq avadanlığını, qızdırıcı qazanları və bir çox digər məhsulları geniş surətdə təqdim edir. Bu sərgidə “Arcelik”, “Harvia”, “Immergas”, “Mitsubishi”, “E.C.A.”, “Trox”, “Unipump” və “SPK” kimi brendlər də iştirak edir.
Builki sərginin işgüzar proqramı seminarlar, təqdimatlar, ustad dərsləri və bazarın aparıcı oyunçularının perspektivli layihələrinin monitorinqi baxımından da səmərəlidir. Beləliklə, “AquathermBaku 2016” sərgisi çoxsaylı işgüzar görüşlərə və tərəfdaşlarla ünsiyyətə, beynəlxalq miqyasda məlumat mübadiləsinə, aktual xidmətlərin geniş çeşidinə və s. zəmanət verir.
“AquathermBaku 2016” sərgisi Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, habelə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.