22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku 2019” sərgisi öz işinə başladı. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.
Sərgi, Xəzər İnşaat Həftəsi çərçivəsində, 25-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild 2019” sərgisi, 12-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri “Securika Caspian” sərgisi və Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi ilə paralel olaraq keçirilir.
“Xəzər İnşaat Həftəsi”nin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, 1995-ci ildə təsis edilmiş sərgi 25 il ərzində dünyanın 35 müxtəlif ölkəsini təmsil edən təxminən 5000 şirkəti bir araya gətirib. Sərgi ildən-ilə öz potensialını artırır, inkişaf edir və genişlənir. Bu il “BakuBuild 2019” sərgisi dünyanın 23 ölkəsini təmsil edən 280 şirkəti bir araya gətirib. Xarici stendlərin iştirakı onların yerli bazara olan marağını, Azərbaycan iqtisadiyyatına töhfə vermək niyyətini göstərir. “BakuBuild” sərgisi həmişə keyfiyyət və kəmiyyət effekti ilə səciyyələnib. Yerli brendlə çıxış edən Azərbaycan şirkətlərinin geniş tərkibdə iştirakı da sevindirici haldır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov təşkilatçıları və sərginin qonaqlarını yubiley münasibəti ilə təbrik edib, yerli şirkətlərin iştirakının kütləviliyini və xarici iştirakçıların inşaat sektoruna olan marağının artmasını vurğulayıb. Bu sərgi “B2B” formatlı əlaqələrin yaradılması baxımından faydalıdır və əməkdaşlığın qurulması üçün effektli platformadır. Agentliyin stendi də bunu əyani şəkildə göstərir.
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov tədbirin əhəmiyyətini qeyd edərək, 25 il ərzində inşaat sənayesinin inkişafına layiqli töhfə vermiş, Azərbaycanın ən genişmiqyaslı sərgisi olduğunu vurğulayıb. İnşaat sektorunun investisiya cəlbediciliyinin artması urbanizasiya prosesinin sürətli inkişafını şərtləndirməklə yanaşı şəhərsalma üzrə norma və standartlara ciddi əməl edilməsi, ərazilərdən kompleks istifadə və tikinti-memarlıq layihələrinin icrasında innovativ həllərə yer verilməsi vasitəsilə davamlı inkişafa nail olmaq istiqamətində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında mühüm vəzifələr qoyur və bu sahədə kompleks tədbirlər həyata keçirilməkdədir. Sevindirici haldır ki, şəhərsalma və memarlıq sahəsinə birbaşa bağlı olan “BakuBuild” sərgisi dövlət və özəl sektor nümayəndələrini bir araya toplamaqla gələcək əməkdaşlıq əlaqələrinin əsasının qoyulmasına xidmət edir və eyni zamanda, bu sahədə müasir yanaşmaların və mütərəqqi texnologiyaların geniş auditoriyaya təqdim edilməsi üçün münbit şərait yaradır.“BakuBuild” sərgisinin xidmətlərini layiqincə qiymətləndirməmək olmaz. Çünki, sərgi vasitəsi ilə ölkədə yeni texnologiyalar tətbiq edilir və investisiyalar cəlb olunur. İnşaat sahəsində baş verən müasir proseslər yeni inkişaf texnologiya və modellərini tələb edir və bu sərgi ötən illər ərzində sektorun peşəkarlarını məlumatlandırır və bütün dünyanın texniki nailiyyətlərini təqdim edir.
“Caspian Event Organisers” şirkətinin regional direktoru cənab Edvard Stroon göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, Dövlət Şəhərsalma və Memarlıq Komitəsinə, Mənzil İnşaatı Dövlət Agentliyinə və Azərbaycan Memarlar İttifaqına minnətdarlıq edib. Cənab E. Stroon bu illər ərzində sərginin inkişafına layiqli dəstək vermiş təşkilatçıların tərəfdaşlarına - Almaniya, Polşa, İtaliya, Rusiya, Türkiyə və Dubay komandalarına da xüsusi təşəkkürünü bildirib. Sonda isə məruzəçi sərgilərin bütün iştirakçılarına uğurlu iş və yeni işgüzar əlaqələr arzulayıb.
Hər il keçirilən ixtisaslaşdırılmış sənaye sərgisi bu il Çex Respublikası, Çin, İtaliya, Livan, Rusiya, Türkiyə və digər ölkələrin də yer aldığı 19 dünya ölkəsindən 65 şirkəti bir araya gətirməklə, 7% artım nümayiş etdirir. İştirakçıların 36%-ni yerli şirkətlər təşkil edir. Sərginin daimi iştirakçıları arasında “Azertexnolayn”, “Anadolu Kafkas Insaat San. ve Tic. A.S.”, “Polymart”, “Euroclima”, “Newcond”, “Yusi Ko”, “Turan Makina” və s. şirkətlər yer alır. “Aquatherm Baku 2019” sərgisində debüt edən şirkətlərin sayı 60% təşkil edir və bu şirkətlərin əksəriyyəti xarici iştirakçılardır.
Ümumilikdə, sərgidə havatəmizləyicilər, kondisionerlər, radiatorlar, ventilyatorlar, istilik sistemləri, istilik izolyasiya materialları, vanna və cakuzilər, saunalar, üzgüçülük hovuzları, isidicilər, kompressorlar, kullerlər, enerjini idarəetmə sistemləri, ətraf mühiti mühafizə texnologiyaları, filtrlər, fittinqlər, borular, içməli su istehsalı, nasoslar, soyuducular, günəş enerjisi və s. kimi məhsul və xidmətlər təqdim ediləcək.
Sərginin ən dolğun günlərindən biri 23 oktyabr tarixinə təsadüf edəcək. Belə ki, həmin gün xarici və yerli istehsalçı və distribyutorların iştirakı ilə “B2B” formatlı görüşlər keçiriləcək. Bu il təşkilatçılar planlaşdırılmış görüşlərin sayına görə əsil rekorda imza atıblar. Ümumilikdə, “B2B” formatlı görüşlərdə əməkdaşlıq perspektivlərini üzbəüz müzakirə etmək üçün 150 şirkət iştirak edəcək.
Sərgi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Memarlar İttifaqı tərəfindən dəstəklənir. Həmçinin “BakuBuild”, “Aquatherm Baku”, “Caspian MebelExpo”, “Securex Caspian” sərgiləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.