Xəzər Tikinti Həftəsi – regionun aparıcı tikinti sənayesi platformasının 30-cu yubileyi

Xəzər Tikinti Həftəsi – regionun aparıcı tikinti sənayesi platformasının 30-cu yubileyi

14 oktyabr 2025 0000

14 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 30-cu yubiley Xəzər Tikinti Həftəsi – Caspian Construction Week açıldı. Tədbirin təşkilatçıları “Iteca Caspian”, “Caspian Event Organisers” və onların beynəlxalq tərəfdaşları — “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı müraciət səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müraciətində 5 illik yubileyini qeyd edən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” sərgisinin iştirakçılarını səmimi qəlbdən salamlayıb, “Rebuild Karabakh” sərgisinə gələcək illərdə də davamlı uğurlar və yeni nailiyyətlər arzulayıb.
Prezident vurğulayıb ki, “Rebuild Karabakh” sərgisinin həm yerli, həm də beynəlxalq iştirakçılar üçün əhəmiyyəti ildən-ilə artır. Sərgidə müasir texnologiyalar və qabaqcıl innovativ həllər nümayiş olunur, birgə layihələr və tərəfdaşlıq imkanları müzakirə edilir, regionun sosial-iqtisadi inkişafına yönəlmiş yeni perspektivlər yaradılır. Bu nüfuzlu sərgi dayanıqlı tikinti, tərəqqi və sülh reallığını əks etdirir, gələcəyə istiqamətlənmiş mühüm bir tədbir kimi çıxış edir.
Dövlət başçısı qeyd edib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və tikinti işləri uğurla həyata keçirilir və bu, regionun simasını əsaslı şəkildə dəyişməkdədir.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, “Rebuild Karabakh” sərgisi gələcəkdə də Qarabağın və bütövlükdə regionun bərpasında mühüm rol oynayacaq, iştirakçılar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasına, müasir inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə və investisiya təşəbbüslərinin təşviqinə töhfə verəcək.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bəkirov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundakı xüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə və ICA Events şirkətinin baş direktoru Edvard Streçen çıxış etdilər.
Çıxış edənlər azad olunmuş ərazilərin bərpası və yenidən qurulması çərçivəsində “Rebuild Karabakh” sərgisinin xüsusi əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, tədbir innovativ texnologiyaların tətbiqinə, azad olunmuş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. Spikerlərin fikrincə, “Rebuild Karabakh” sərgisi regionun mədəni irsinin qorunması və tanıdılması üçün vacib bir platformaya çevrilmişdir. Bu sərgidə hər il müxtəlif layihələr nümayiş olunur və Qarabağın dirçəldilməsi və inkişafına yönəlmiş təşəbbüslər müzakirə edilir.
VİP qonaqlar vurğuladılar ki, sərgi biznes, sosial və mədəni istiqamətləri bir araya gətirərək, təcrübə mübadiləsi və Qarabağın davamlı inkişafına yönəlmiş yeni ideyaların formalaşması üçün mühüm platforma rolunu oynayır.
Sonda ICA Events şirkətinin baş direktoru Edvard Streçen "Caspian Construction Week" üzrə statistik məlumatları təqdim etdi, sərginin sponsor və tərəfdaşlarına təşəkkürünü bildirdi və iştirakçılara uğurlu və məhsuldar fəaliyyət arzuladı.
Regionun inşaat sektorunda aparıcı sənaye platformalarından biri olan bu tədbir bir sıra beynəlxalq sərgiləri birləşdirir: 30-cu Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – “BakuBuild”, 5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurması və İnkişafı Sərgisi – “Rebuild Karabakh”, 17-ci Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu Sərgisi – “Aquatherm Baku”, 4-cü Xəzər Beynəlxalq Plastik və Polimer Sənayesi Sərgisi – “Plastex Caspian” sərgiləri, eləcə də 13-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi – “Road&Traffic”.
Bu il “Caspian Construction Week” üçün xüsusi əhəmiyyət kəsb edir: “BakuBuild” sərgisi 30 illik yubileyini, “Rebuild Karabakh” sərgisi isə 5 illik yubileyini qeyd edir.
30 il ərzində 58 ölkədən 6500-dən çox şirkəti, eləcə də 200 000-dən artıq peşəkar ziyarətçini bir araya gətirən “Caspian Construction Week”, inşaat sahəsinin aparıcı platforması kimi mühüm sərgiləri birləşdirir, sahə mütəxəssislərini bir araya toplayır və biznes üçün yeni əməkdaşlıq imkanları yaradır. Tədbir innovativ texnologiyaların tətbiqinə, azad edilmiş ərazilərdə layihələrin reallaşdırılmasına və beynəlxalq investisiyaların artmasına mühüm töhfə verir. Otuzillik uğur tarixinə görə, Xəzər Tikinti Həftəsi öz haqqı ilə milli brend və regionun aparıcı tikinti sənayesi platforması hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisinin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır və məktub sərginin rəsmi açılış mərasimində səsləndirilir.
Bu il ekspozisiya Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 17 ölkədən 299 şirkət yer alır. İştirakçı ölkələrə Azərbaycanla yanaşı, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, İsrail, İran, İtaliya, Qazaxıstan, Çin, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Çexiya, Cənubi Koreya daxildir. Almaniya, İtaliya, Özbəkistan və Türkiyə sərgidə milli pavilyonlarla təmsil olunur.
“BakuBuild” sərgisində şirkətlər tikinti və istehsal avadanlıqları, döşəmə örtükləri, interyer həlləri, işıqlandırma və izolyasiya sistemləri nümayiş etdirəcəklər. Həmçinin keramika və üzlük daşları, landşaft materialları, metal məhsulları, pəncərə və qapılar, fitnes avadanlıqları və digər məhsullar təqdim olunacaq.
“Rebuild Karabakh” sərgisində şirkətlər yaşıl energetika, tikinti və tikinti materialları, kənd təsərrüfatı və təhlükəsizlik sahəsində öz həllərini və layihələrini təqdim edəcəklər.
“Aquatherm Baku” sərgisi çərçivəsində borular və boru kəmərləri, hovuzlar, enerji idarəetmə sistemləri, filtrlər, fitinqlər, hava nəmləndiriciləri, havalandırma qurğuları, hava qızdırıcıları, isitmə sistemləri, kompressorlar, kondisionerlər, konvektorlar, soyuducular, ventilyatorlar, klapanlar və digər mühəndis avadanlıqları nümayiş etdiriləcək.
“Plastex Caspian” sərgisində müasir avadanlıqlar və texnologiyalar, xammal və kimyəvi maddələr, eləcə də hazır plastik məhsullar təqdim olunacaq. Bu il sərgidə xüsusilə Çindən olan aparıcı şirkətlərin iştirakı sənayenin inkişafına və beynəlxalq əməkdaşlıqların genişlənməsinə təkan verəcək.
“Road&Traffic” ixtisaslaşmış sərgisi yol təhlükəsizliyi və nəqliyyat infrastrukturuna dair həllərin təqdim olunacağı platformadır. Şirkətlər intellektual nəqliyyat sistemləri, hərəkət idarəetmə texnologiyaları, ictimai nəqliyyat, texnika üçün sürtkü materialları, yanacaqpaylayıcı avadanlıqlar və digər məhsulları nümayiş etdirəcəklər.
Ənənəvi olaraq, tədbirin mühüm hissəsini ikitərəfli görüşlər (B2B və B2G) təşkil edəcək. Bu görüşlər iştirakçılara əməkdaşlıq perspektivlərini birbaşa müzakirə etmək, işgüzar əlaqələri genişləndirmək və yeni bazarlara çıxış imkanı yaradacaq.
Yubiley proqramı çərçivəsində Bakı Ekspo Mərkəzinin foyesində “Yaşıl Qarabağ Səninlə Başlayır” adlı ianə köşkü təşkil olunub. Sərginin ziyarətçiləri və iştirakçıları burada Qarabağ Dirçəliş Fonduna ianə etməklə Qarabağda ağacların əkilməsinə töhfə verə biləcəklər.
Foyedə Azərbaycan Memarlar İttifaqı tərəfindən təşkil olunan VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalib işlərinin qalereyası təqdim olunub.
Bundan əlavə, sərgidə “Qarabağın Rəngləri” Qrafiti İncəsənət Məkanı fəaliyyət göstərəcək. Burada ziyarətçilər “Rebuild Karabakh” sərgisinin yubileyinə həsr olunmuş rəsm əsərini rəngləyəcəklər.

 


Baş sponsor

Rəsmi bank

Rəsmi mehmanxana

Rəsmi outdoor reklam tərəfdaşı

Media dəstəyi

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN