Xəzər İnşaat Həftəsi: regionun tikinti sənayesinin ən böyük tədbiri
15 oktyabr 2024
0000
Oktyabrın 15-də Bakı Ekspo Mərkəzində regionun tikinti sənayesində ən böyük tədbir olan Xəzər İnşaat Həftəsinin açılışı olub. Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 29-cu Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild”, 16-cı Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri, eləcə də, bu tədbirlərlə yanaşı 12-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi öz işinə başlayıb.
Xəzər Tikinti Həftəsinin rəsmi açılış mərasimində nazirlik və idarələrin rəhbərləri, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirləri, fəxri qonaqlar iştirak ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına təbrik məktubu oxunub. «Sizi “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin açılışı münasibətilə salamlayıram. “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.
Builki sərgi məzmun və iştirakçılar baxımından yeniliklərlə zəngindir. Sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.
Sərgidə dövlət və özəl sektorun birgə iştirakı yeni layihələrin həyata keçirilməsi, eləcə də biznes imkanlarının daha da artması üçün mühüm perspektivlər açır. Sərgi zamanı qurulan əməkdaşlıq və aparılan müzakirələr Qarabağda bərpa ilə bağlı uğurlu təcrübənin daha geniş miqyasda tanıdılmasında əhəmiyyətli addım olacaqdır» - Prezident İlham Əliyevin məktubunda qeyd edilib.
Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən sərgilərdə 22 ölkədən 380-dаn artıq şirkət yer almaqdadır. İştirakçı ölkələrə Azərbaycan, Almaniya, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Finlandiya, Fransa, Hindistan, Portuqaliya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Çexiya, Çin, Özbəkistan, İran, İtaliya, Səudiyyə Ərəbistanı, Türkiyə və Macarıstan daxildir. Sərgilərdə Almaniya, Böyük Britaniya, Özbəkistan, Macarıstan, Rusiya milli və regional stendlərlə təmsil olunur. Bu il sərgilərdə Çin və Özbəkistan şirkətlərinin sayında artım var. Xəzər İnşaat Həftəsində ilk dəfə olaraq süni intellektdən istifadə ilə məşğul olan şirkətlər iştirak edir.
2024-cü ildə Xəzər İnşaat Həftəsi daha bir əhəmiyyətli hadisəyə təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu əlamətdar hadisə Xəzər İnşaat Həftəsində iştirakçılar tərəfindən nümayiş olunacaq məhsul və xidmətlərdə, eləcə də sərginin tədbirlər proqramında öz əksini tapacaqdır.
Qarabağın bərpasına həsr olunmuş “Rebuild Karabakh” sərgisinin məqsədi Qarabağda baş verən müsbət dəyişiklikləri dünya ictimaiyyətinə çatdırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir. “Rebuild Karabakh” sərgisi investisiyalar, ekologiya, energetika, informasiya texnologiyaları, inşaat, inşaat materialları, kənd təsərrüfatı, kimyəvi məhsulların topdan satışı, mədənçilik, nəqliyyat, təhlükəsizlik, yol tikintisi və infastrukturu və s. bölmələr üzrə təşkil edilib.
“BakuBuild” müxtəlif şirkətlərin nümayəndələrini, təchizatçıları və tikinti peşəkarlarını bir məkanda birləşdirir. Sərgidə ziyarətçilər tikinti proseslərini əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək bir çox yeni texnologiyalarla tanış olurlar. Ziyarətçilər yeni işgüzar əlaqələr qurmaq, potensial tərəfdaşlıqları müzakirə etmək və peşəkar şəbəkələrini genişləndirmək imkanı əldə edirlər. Sərgi aparat məhsulları, döşəmələr, idman məhsulları, interyer, işıqlandırma, izolyasiya sistemləri, keramika və üz daşı, metal, pəncərə və qapılar, santexnika, sauna və üzgüçülük hovuzları, tikinti material və məhsulları, tikinti və istehsalat avadanlıqları kimi bölmələri əhatə edir.
“Aquatherm Baku” sərgisi enerjinin idarə olunması sistemləri, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, günəş enerjisi, hava nəmləndiriciləri, hava qızdırıcıları (kaloriferlər), içməli su istehsalı, irriqasiya (suvarma) sistemləri, istilik izolyasiyası materialları, istilik sistemləri, kondisionerlər, nasoslar, qızdırıcılar, radiatorlar, saunalar, soyuducular, üzgüçülük hovuzları, ventilyatorlar və s. kimi sektorlar təqdim olunur.
“Road&Traffic” sərgisi Azərbaycanda yol infrastrukturu sahəsində ixtisaslaşmış tədbirdir. Sərgi yol infrastrukturu, ictimai nəqliyyat, yol təhlükəsizliyi və informasiya texnologiyaları sektorlarının peşəkarlarının görüş yeridir. Sərgi yol, körpü və tunellərin layihələndirilməsi və inşası əsnasında bu sahənin mütəxəssislərinə müasir həll variantlarını təqdim etmək, habelə bazarın tələbatlarını və intellektual nəqliyyat sistemi (İNS) sektoruna aid olan məhsulların satış potensialını tədqiq etmək, Azərbaycanın ictimai nəqliyyat operatorları ilə görüşmək, yol-tikinti sektorunda çalışan podratçıların mütəxəssisləri ilə təcrübə mübadiləsi üçün nadir imkandır. Sərgi hər növ avadanlıq və texnika üçün sürtkü yağları, ictimai nəqliyyat, intellektual nəqliyyat sistemləri, hərəkətin idarə olunması, yanacaq və paylayıcı avadanlıq, yol təhlükəsizliyi, yol-nəqliyyat infrastrukturu kimi bölmələri əhatə edir.
Tədbirin işgüzar proqramında ekspert və mütəxəssislərin tikinti sahəsində öz bilik və təcrübələrini bölüşdükləri sessiyalar, panel müzakirələri, B2B və B2G görüşlərin keçirilməsi planlaşdırılır. Sərgilərin beynəlxalq statusu iştirakçılara xarici şirkətlərin məhsullarının Azərbaycan bazarında təqdim edilməsi, eləcə də yeni bazarların və imkanların araşdırılması üçün fürsət qazandıracaq.
Xəzər İnşaat Həftəsinin tədbirlər planı çərçivəsində "Ağdama qayıdan həyat", "Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin 2024-cü ildə gördükləri işlərin icmalı", "COP29 beynəlxalq iqlim tədbirinin müasir tikinti sektoruna təsirləri və innovasiyaların inkişafı", “Yaşıl Dünya üçün innovativ yaşıl inşaat texnologiyaları”, “Yaşıl Tikintinin Azərbaycanda və regionda yeni üfüqləri”, “Yaşıl Tikinti üçün əlverişli texnologiyaların araşdırılması” kimi mövzularda panel müzakirələri, eləcə də “Müasir inşaat texnologiyaları sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı” mövzusunda seminar keçiriləcək. Bundan başqa, sərgi günlərində Bakı Ekspo Mərkəzində sərgi ziyarətçilərinin diqqətini cəlb edəcək guşələr təşkil edilib.
Tədbirin təşkilatçıları “Caspian Event Organisers”, “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir.