Aquatherm Baku: istilik, havalandırma, su təchizatı sahəsində ən yaxşı həllər

Aquatherm Baku: istilik, havalandırma, su təchizatı sahəsində ən yaxşı həllər

19 oktyabr 2023 0000

Oktyabrın 19-da Bakı Ekspo Mərkəzində regionun tikinti sənayesinin ən böyük tədbiri olan Xəzər İnşaat Həftəsi öz işinə başlayıb. Xəzər İnşaat Həftəsi çərçivəsində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgiləri təşkil edir. Bu tədbirlərlə eyni tarixdə 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road&Traffic” sərgisi baş tutub.

Sərgilərin açılış mərasimində Səməd Bəşirov Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinin Müavini; Emin Hüseynov, Xüsusi nümayəndə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi; Aydın Kərimov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi; Vahid Hacıyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Orxan Məmmədov, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri; Zöhrab Qədirov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – (AZPROMO) İçracı Direktorunun müavini; Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri; Məmməd Musayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti; Valeh Ələsgərov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri; Dövlətxan Dövlətxanov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Sədr müavini; Elbəy Gasımzadə, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri; Edvard Stroon, İCA Qrupunun Direktoru və Fərid Məmmədov, Caspian Event Organisers şirkətinin Baş direktoru iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərgi iştirakçılarına məktubu səsləndirildi. “Sizi 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram.

Ötən illərin təcrübəsi göstərir ki, belə sərgilərin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır.

Bu Sərgi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf edir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında onun misilsiz xidmətləri vardır.”

“Sərgi iştirakçılarını – qabaqcıl iş adamlarını işğaldan azad edilmiş doğma torpaqların bərpası və inkişafı üçün dövlətimiz tərəfindən yaradılmış imkanlardan faydalanmağa, habelə biznes ideyalarını vahid məqsəd ətrafında birləşdirməyə dəvət edirəm.

Əminəm ki, “Rebuild Karabakh” Sərgisi Qarabağda və Şərqi Zəngəzurda faydalı təşəbbüslərin uğurla gerçəkləşməsi və yeni işgüzar əlaqələr qurulması baxımından əlverişli platforma olacaqdır.

Bir daha bütün Sərgi iştirakçılarına və ziyarətçilərə işlərində müvəffəqiyyətlər arzulayıram! Qarabağ Azərbaycandır!”.

İnşaat Həftəsində iştirakçılar arasında ümumilikdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Cənubi Koreya, Çexiya, Çin, Finlandiya, Fransa, İran, İspaniya, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Macarıstan, Niderland, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyədən ümumilikdə 390-dən çox şirkət yer alıb. Sərgilərdə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunur.

Bu il yubileyini qeyd edən “Aquatherm Baku” sərgisi 15 ildir ki, istilik, havalandırma, hovuzlar, sauna, spa, kondisioner (HVAC), avadanlıqlar sahəsində bölgənin aparıcı peşəkar sərgisi mövqeyini qoruyur.

Çoxillik tarixə malik olan “Aquatherm Baku” sərgisi tikinti sənayesində innovativ məhsul və xidmətlərin ölkə bazarına çıxışı üçün şərait yaradır, qısa müddətdə hədəf auditoriyası ilə üzbəüz görüşlər keçirmək, yerində biznes qurmaq imkanı təqdim edir.

Sərgidə hava təmizləyiciləri, kondisionerlər, radiatorlar, ventilyasiya sistemləri, istilik sistemləri, istilik izolyasiya materialları, saunalar, hovuzlar, qızdırıcılar, kompressorlar, soyuducular, çirkab (tullantı) su texnologiyaları, ətraf mühitin mühafizəsi texnologiyaları, filtrlər, fitinqlər, boru kəmərləri, nasoslar, soyuducular və s. kimi sektorlar təqdim olunur.

Xəzər İnşaat Həftəsinin işgüzar proqramı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair tədbirlər planı üzrə panel müzakirələri, ikitərəfli biznes görüşləri (B2B) və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Xəzər İnşaat Həftəsinin təşkilatçıları “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management”, “ICA Events” şirkətləridir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN