Sərgi mövsümünə mart ayında start verilir

Sərgi mövsümünə mart ayında start verilir

28 fevral 2023 0000
 
 
 
Azərbaycanda sərgi mövsümü mart ayında açıq elan ediləcək. İlin ilk yarısında ölkəmiz konqres və sərgilər daxil ümumilikdə 8 tədbirə ev sahibliyi edəcək. Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçiriləcək tədbirlər Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlara həsr olunmuş “Fərqli Fərdlər” konqresi ilə başlayaraq Bakı Enerji Həftəsi ilə yekunlaşacaq. Sevindirici haldır ki, ənənəvi keçirilən tədbirlərdən “Fərqli Fərdlər” konqresi 5, “Translogistica Caspian” sərgisi isə 20 illik yubileylərini qeyd edir. Tədbirlərin beynəlxalq statusu Ümumdünya Sərgi Sənayesi Assosiasiyasına (UFI) üzvlük sayəsində daha da möhkəmlənir. Belə ki, burada sərgilər bəyan etdikləri məlumatlar və təşkilatçılıq səviyyəsinə uyğunluq üzrə tam yoxlanılaraq sonradan müvafiq keyfiyyət nişanı ilə təltif edilir.

Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Belə ki, Azərbaycanda sərgi fəaliyyətinin formalaşmasında Ümummilli Liderin müstəsna rolu olmuşdur. 1994-cü ildə, Azərbaycanda beynəlxalq sərgilərin keçirildiyi ilk gündən Heydər Əliyev tədbirləri dəstəkləmiş və onların təşəbbüskarıdır.

2019-cu ildən etibarən cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara maksimum dərəcədə yönəltmək üçün çalışan və bununla bağlı həm ölkəmizin, həm də digər dövlətlərdən mütəxəssis və pedaqoqları Bakıya toplayan Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlara həsr olunmuş “Fərqli Fərdlər” konqresi 11 mart 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində baş tutacaq. Konqresdə gündəliyə ilk dəfə olaraq əlavə edilmiş yeniyetməlik və inkişaf özəllikləri olan insanların böyüməsi mövzusu ilə yanaşı, onların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, məktəbə inteqrasiya, inklüziv işə qəbul və digər mövzular qaldırılacaq. “Fərqli Fərdlər” 2023 aid geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər. Konqresinin gümüş sponsoru “PMD Group”, sessiya sponsoru – “GrowGroup Azerbaijan”, qeydiyyat sponsoru isə “Gubre.az” şirkətidir.

Təqvimdə olan növbəti layihə isə turizm sahəsinin qabaqcıl iştirakçılarını bir araya toplayan ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF” olacaq. Pandemiya səbəbilə yaranan üç illik fasilədən sonra sərgi 4-6 aprel 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək. “AITF” 2023-də tibbi və sağlamlıq turizmi, maarifləndirici turizm, xaricdə daşınmaz əmlak, idman avadanlığı və inventor, ovçuluq və balıqçılıq, dəniz və çay kruizləri, aviaşirkətlər, milli və regional turizm orqanları, turizm agentlikləri və tur operator kimi müvafiq sektorlar iştirak edəcək. Sərgidə Azərbaycan, Belarus, Gürcüstan, İsveçrə, Kuba, Malayziya, Özbəkistan, Polşa, Rusiya, Sloveniya, Tailand, Tunis, Türkiyə və digər ölkələrdən şirkətlər iştirak edəcək. “AITF” sərgisinin vizit kartı olan milli stendlərlə bu il Belarus, Bolqarıstan, Çexiya, Xorvatiya, Özbəkistan, Polşa və digər ölkələr çıxış edəcək. Sərginin daimi iştirakçısı olan Bolqarıstan bu il “AITF 2023” sərgisinin baş sponsoru,  Özbəkistan isə tərəfdaş ölkəsidir.

Sərgi mövsümü may ayının 17-dən 19-dək Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” 28-ci  Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri ilə davam edəcək.

Daim  rəngarəng ekspozisiyaları ilə seçilən, regionun ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” bu il də çoxsaylı ölkələrdən kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distrbyutorlarını, o cümlədən Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəsi bir araya gətirəcək. Təşkilatçılar tərəfindən regionlardan gələn fermerlər üçün ənənəvi sərgi üzrə turlar təşkil olunacaq.

Bu il təşkil olunan sərgidə iştirakçılar arasında Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarus, Çexiya, Çin Respublikası, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və Yunanıstan şirkətləri yer alacaq. “Caspian Agro” 2023 sərginin əsas istiqamətlərindən biri yaşıl kənd təsərrüfatı olacaq. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda öz əksini tapacaq. Sərginin sponsoru “Gubre.az” şirkətidir.

Caspian Agro ilə paralel olaraq, Azərbaycan, Belarus, İran, İtaliya, Rusiya Federasiyası, Sloveniya və Türkiyə şirkətlərinin iştirak edəcəyi 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan”  keçiriləcək. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, çay, tütün və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edir. Sərgi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aşpazlar kuboku üzrə “Qızılşah” adlı 3-cü Azərbaycan Aşpazlar çempionatı da təşkil ediləcək.

Sərgi mövsümü 31 may-3 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi ilə davam edəcək. Sözügedən hadisə bir sıra sənaye tədbirlərini - 28-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas”, 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgilərini və Xəzər Neft və Qaz Konfransının davamçısı olan Bakı Enerji Forumunu özündə birləşdirir. Qeyd edək ki, Bakı Enerji Həftəsi Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın dəstəyi ilə keçirilir.

Ənənəvi “Caspian Oil & Gas” sərgisi hər il olduğu kimi bu il də enerji sənayesinin liderlərini bir araya gətirəcək. Sərginin ekspozisiyası bir neçə istiqamət üzrə təşkil ediləcək: neft və qazın nəqli və hasilatı, innovativ texnologiyalar, maliyyə və hüquqi xidmətlər, kimya sənayesi. Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. “Caspian Oil & Gas” sərgisi artıq neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı bir platformadır.

Energetika və bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsi üzrə layihə və təkliflər “Caspian Power” sərgisinin iştirakçıları tərəfindən təqdim olunacaq. “Caspian Power” sərgisində enerjidən istifadə üzrə əldə edilmiş qabaqcıl təcrübələr paylaşılacaq,  ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyaları barədə məlumatlar təqdim ediləcəkdir. Sərginin proqramı bərpa olunun enerji, enerji obyektlərinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, enerji və resurslara qənaət edən texnologiyalar və digər mövzuları əhatə edəcək. Sərgi çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

Bakı Enerji Forumu bu illər ərzində enerji sektorunun əsas illik tədbiri, sənayenin başlıca çağırışlarının müzakirə platforması statusunu qazanmışdır. Öz proqramını yeni enerji seqmentləri ilə genişləndirən forum isə konfransın missiyasını daha geniş spektrdə davam etdirəcək. Forumun gündəliyinə “Keçid dövründə yeni enerji şərtləri”, “Qlobal enerji perspektivləri”, “Xəzər regionunun bərpa olunan enerji potensialı”, “Enerji sektorunda dördüncü sənaye inqilabı”, “Enerji̇ böhrani dövründə qaz təchi̇zatinin rolu” və s. kimi mövzular müzakirə olunacaq.

Ənənəyə sadiq qalaraq Bakı Enerji Həftəsinin xüsusi sessiyası bu il Azərbaycanın Naxçıvan şəhərində baş tutacaq. “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” adlı xüsusi sessiya sonrası Naxçıvan şəhər turu və konsert proqramı nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunacaq hər üç tədbirdə iştirakçılar siyahısında Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Monako, Niderland Krallığı, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və digər ölkələrdən olan şirkətlər yer tutur.

Tədbirlərin sponsorları qismində ACWA Power, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, bp, Caspian Drilling Company, Caspian Marine Services, Equinor, EP Absheron, Global Energy Azerbaijan, Improtex Motors, KOLIN Construction, MASDAR, Tekfen, TotalEnergies, Turkish Petroleum, Uniper şirkətləridir. Baku Enerji Forumunun tərafdaşı qismində Boston Consulting Group çıxış edir.

Bakı Enerji Həftəsi ilə eyni tarixlərdə Bakı Ekspo Mərkəzində təşkil ediləcək növbəti tədbir - Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi “Translogistica Caspian” olacaq. Ənənəvi olaraq ölkəmizdə keçirilən sərgi bu il 20-ci yubileyini qeyd edəcək. Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgisi olan bu tədbirdə dəmir yolu nəqliyyatı, dəniz sənayesi, aviasiya, kommersiya nəqliyyatı müzakirə ediləcək. Sərgi çərçivəsində ilk dəfə “Azərbaycan Beynəlxalq Nəqliyyat və Logistika Forumu” keçiriləcək, forum zamanı sənayenin mühüm . “Translogistica Caspian” iştirakçıları arasında Azərbaycan, İsveçrə, Rusiya Federasiyası, Ukrayna və digər ölkələrin şirkətləri yer alır.

Hər sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə “B2B” formatlı görüşlər, müxtəlif tematik tədbirlər və müzakirələr təşkil ediləcək.
Sözügedən tədbirin təşkilatçıları Iteca Caspian, Caspian Event Organisers, eləcə də onların beynəlxalq tərəfdaşları ICA Eurasia və CEM FZ MMC-dir. 2023-cü ildə sərgilərin tərəfdaşları arasında: stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Greenwich Travel Club” turoperatoru, eləcə də yükdaşıma şirkəti “Caspian Freight Services” yer alır.

Beləliklə, Azərbaycanın paytaxtını yenidən işgüzar tədbirlər ilə dolu sərgi mövsümü gözləyir. Sərgilər və forumlar bir daha həm biznes layihələrinin, həm də ümumilikdə sənaye sahələri üzrə əməkdaşlıqların müzakirəsi və inkişafı üçün mühüm bir platformaya, Azərbaycan və digər ölkələrdən olan peşəkarların böyük maraq göstərdiyi görüş yerinə çevriləcək. 2023-cü ildə baş verən hadisələrlə bağlı bütün təfərrüatları www.ceo.azwww.iteca.az veb-saytlarından əldə etmək olar.




 

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN